Son Xəbərlər
Oxunub : 324 | Tarix : 08:01 | Bölmə: gundem, cemiyyet

Sabunçu sakinlərinin DİQQƏTİNƏ: qəzalı binaların sökülməsi ilə bağlı detallar açıqlandı
Tikinti şirkətləri sakinlərə kirayə pulu, yeni tikilən binalarda sahəsi 25-35 faiz böyük olan mənzillər verəcək


Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) 5 il ərzində həyata keçirəcəyi “Pilot layihə” formatı Sabunçu rayonu ərazisindəki qanunsuz tikliləri əhatə etməyəcək.

Bunu APA-ya açıqlamasında Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə deyib.

A. Hüseynzadə bildirib ki, Sabunçu rayonunda 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində tikilmiş mənzil fondu hələ də istismar olunur, bu binaların istismar müddəti isə çoxdan keçib: "Söhbət burada tarixi, arxitektura əhəmiyyəti olan binalardan getmir. Elə yaşayış binaları var ki, 1880-ci, 1903-cü, 1908-ci ildə tikilib, qəzalı vəziyyətdədir, müəyyən yerləri uçan binalar da var. Ona görə də məsələ qalxıb ki, Sabunçu rayonunda dövlət mənzil fondu - fərdi evlər bura aid deyil - dövlət balansında olan binalar (JEK evləri) sökülsün, yerlərində yeni, hər cür şəraiti olan binalar tikilsin".


A. Hüseynzadə qeyd edib ki, sökülməsi nəzərdə tutulan evlərə kommunal şərait, yəni ayaqyolu və digər kommunal şəbəkələr yoxdur, həyətlərdə quraşdırılıb, belə evlər 2 və 3 mərtəbəlidir. Nəzərdə tutulub ki, belə evlər sökülsün, yerində 7-9 mərtəbəli binalar tikilsin. Sakinlər də bu binalardakı mənzillərə köçürülsünlər, sakinlərin mənzil şəraitləri yaxşılaşdırılsın: “Sabunçu rayonunda bu cür qəzalı vəziyyətdə olan 80-dən artıq bina var. Bina var ki, 60 mənzili, bina var ki, 30 mənzili, bina da var ki, barak tiplidir, az mənzili var. Ümumilikdə, belə binalarda 2500-3000 civarında mənzil var”.

RİH başçısının müavini Sabunçu rayonunda qəzalı binaların sökülərək yerlərində yeni binaların tikilməsinə dövlət büdcəsindən vəsait ayrılmayacağını da açıqlayıb: “Dövlət tərəfindən bununla bağlı vəsait ayrılmayacaq. Bir məqamı da qeyd edim. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq. Qəzalı binanın sakinləri binanın sökülməsi və yeni binanın tikilərək istifadəyə verilməsi müddətində tikinti şirkətlərinin ayırdığı vəsaitlər hesabına kirayə evlərdə yaşayacaqlar”.


RİH başçısının müavini artıq bu istiqamətdə işlərə başlanıldığını da açıqlayıb: “Ramana qəsəbəsi, D. Bünyadzadə küçəsi 23 ünvanındakı yerləşən 31 mənzilli binadan və Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsində yerləşən 16 mənzilli binadan artıq vətəndaşların köçürülməsinə başlanıb. Tikinti şirkətləri tərəfindən vəsait ayrılıb ki, yeni bina tikilib istifadəyə verilən müddətə qədər sakinlər kirayədə qalsınlar. Sakinlərin köçürülməsi tam başa çatandan sonra söküntü və yeni binaların tikilməsi işlərinə başlanacaq. Sakinlər tərəfindən bu addım çox müsbət qarşılanıb, çünki bu insanlar illərdir ki, qəzalı, kommunal şəraiti olmayan binalarda yaşayırlar”.

A. Hüseynzadə qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə prosesin sürətlə və effektiv həyata keçirilməsi üçün Sabunçu rayonunda qəzalı binaların sökülməsi, yeni binaların tikintisi, layihə sənədlərinə icazə verilməsi və istismara qəbulu ilə əlaqədar səlahiyyətlər Sabunçu Rayon İcra Hakimiyyətinə verilib: “Onu da deyim ki, Sabunçu Rayon İcra Hakimiyyəti bu prosesdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların dəstəyindən, mütəxəssislərinin yardımından yararlanacaq. Tutaq ki, zəruri hallardaFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birlikdə çalışacağıq. Biz Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə görüşlər keçirmişik, hansı mərhələdə lazım olarsa, bizə köməklik etməyə hazır olduqlarını bildiriblər”.

Oxşar xəbərlər