Son Xəbərlər
Oxunub : 21 | Tarix : 06:30 | Bölmə: gundem, tedbirler

Heydər Əliyev Fondu və FHN-in birgə təşkilatçılığı ilə tədbir keçirilib


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bu gün Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə Sumqayıt şəhər general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli və Sumqayıt şəhər internat tipli gimnaziyaların şagirdləri FHN Akademiyasının fəaliyyəti ilə tanış olublar.

FHN-dən ONA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gimnaziyaların şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə maraq yaradılması və peşə seçiminə kömək etmək olub.

Heydər Əliyev Fondunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sözügedən gimnaziyaların yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, ulu öndərin ömür yolu barədə film nümayiş olunub.

Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı film izləyiblər.

Akademiyanın konfrans zalında şagirdlərlə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev onları salamladıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıb və şagirdlərin gələcək peşə seçimlərində bu görüşün önəmli rol oynayacağına inandığını bildirib. Burada şagirdlərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Daha sonra yanğın-təlim nöqtəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq, şərti qəzaya uğramış avtomobilin kəsilməsi və xəsarət almış şəxsin çıxarılması, eyni zamanda şərti yanğının söndürülməsi əməliyyatının canlı nümayişini şagirdlər xüsusi maraqla qarşılayıblar. Şagirdlər kursantların alpinist divarına qalxma məşqini də izləyiblər.

Bundan əlavə, kursantların sıra hazırlığı nümayiş olunub, şagirdlər də kursantlarla birgə həmin hazırlıqda iştirak ediblər.

Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.

Oxşar xəbərlər