Son Xəbərlər
Oxunub : 13 | Tarix : 07:40 | Bölmə: gundem, sosial

Məcburi köçkünlərin vahid elektron qeydiyyatının qısa müddətdə yaradılmasına tapşırıq verildi


TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Bu il Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130, Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonunda 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və inzibati binadan ibarət qəsəbə, həmçinin Füzuli rayonunda 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcək.

ONA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında bildirilib.

Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, növbəti ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcək.

Eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində digər yeni yaşayış məhəllərinin salınmasının zəruriliyi də qeyd edilib.

Kollegiyada məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.

Oxşar xəbərlər