Son Xəbərlər
Oxunub : 12 | Tarix : 07:49 | Bölmə: gundem, idman

Azad Rəhimov: “Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir”


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin seminarının ilk gününün sonunda mətbuat konfransı təşkil olunub.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corc Visaçki jurnalistlərin suallarını cavablandırıblar.

Nazir qeyd edib ki, yarışda 14-18 yaşlı idmançılar iştirak edəcək və bu, yığmamız üçün böyük əhəmiyyət daşıyır: "Bu o deməkdir ki, gələcəkdə bu idmançılar Azərbaycanı təmsil edəcəklər. Onlar üçün böyük sınaqdır. İstəyirik ki, gənclərimiz komanda idman növlərində də özünü göstərsinlər. Əsas məqsədlərdən biri də Avropanın gənclərini birləşdirməkdir".

O bildirib ki, yarış üçün arenalar hazırdır və bəzilərinə yeni avadanlıqlar alınmalıdır: "Bu da böyüklərlə gənclərin fərqli avadanlıqlardan istifadəsindən irəli gəlir. 2500 könüllü qeydiyyatdan keçib. Bu gün 1700 idmançı iştirakını təsdiqləyib. Nümayəndə heyəti 1300 nəfərdir. Amma bu rəqəm 10 faiz dəyişə bilər. Ümumilikdə 5000-dən artıq qonaq gözləyirik”.

C.Visaçki də tədbir barədə fikirlərini açıqlayıb: “15 ildir bu istiqamətdə çalışıram. Bakı-2015 Avropa Oyunlarının uğuru da nazirin böyük əməyi sayəsində gerçəkləşib. Bu dəfə də istisna deyil. Bunu üç - Azərbaycanın dünyada tanınması, peşəkarlıq və miras sözləri ilə də deyə bilərəm. İnanıram ki, festival da yüksək səviyyədə olacaq”.

A.Rəhimov vurğulayıb ki, Avropa Oyunlarında 600-dən artıq əcnəbi mütəxəssis olubsa, bu, ildən-ilə azalıb: "İslamiadada bunu 10 dəfə azaltdıq. Bu dəfə yalnız 1 xarici mütəxəssis bizimlə işləyir. O, “Formula-1” keçiriləndən Bakıdadır. Nəqliyyat planına nəzarət edir. Artıq onu xarici saymırıq".

İdmançılara mükafatın verilməsi isə gündəmdə deyil. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, ilin sonunda lazımı mükafatlar verilir və onlar da yekunda alacaqlar.

Qeyd edək ki, XV Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-28-də keçiriləcək. Yarışda ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə (gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş) olacaq. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

Oxşar xəbərlər