Son Xəbərlər
Oxunub : 13 | Tarix : 07:54 | Bölmə: gundem, medeniyyet

Nakam sevgi, qəfil ölüm, kədərli “Ölkəm”... – İTKİN DÜŞƏN SON NƏĞMƏ

TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV

“Bayatı-Şiraz” muğamını çox sevərmiş. Bəstələdiyi əsərlərin hamısında “Bayatı- Şiraz”dan nə isə bir not keçir. Dahi Üzeyir bəy “Bayatı-Şiraz” haqqında deyib: “Bədii – ruhi təsir cəhətdən “Bayatı-Şiraz” dinləyicidə qəmginlik hissi oyadır”. Bəstəkar çox yumşaq ifadə edib. “Bayatı-Şiraz” adamın qəlbini sökür. Orda hər şey var, Azərbaycan koloritidir büsbütün - Asəf Zeynallı kimi. Qəmdən yoğrulub – Asəf Zeynallının taleyi kimi...



Məncə, Asəf Zeynallı, Firudin bəy Köçərli, Cəfər Cabbarlı da repressiyaya uğrayıblar. Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi. Sadəcə, qətlə yetirilmək üsulları bir qədər fərqli olub. Asəf Zeynallını araşdırdıqca qarşıma çıxanlardan bu ehtimalım əminliyə çevrildi.


Hansı aydınımızın qovluğunu qaldırırsan, altından eyni izlər çıxır, 200 ildir.

Azərbaycanın ilk təhsilli, professional bəstəkarı, ilk Azərbaycan simfonik musiqisinin və romans janrının müəllifi, cəmi 23 il yaşamış Asəf Zeynallının toz basmış qovluğunu qaldırmışam. Lent.az-ın araşdırdıqlarına birlikdə nəzər salaq, bəlkə siz fərqli nəsə görəcəksiniz... kim bilir.



Asəf Zeynallı 1909-cu ildə qədim Azərbaycan yurdu Dərbənddə, bağban ailəsində dünyaya gəlib. Mürəkkəb, ziddiyyətli bir dövr idi. Çarizmə qarşı narazılıq günbəgün artırdı. Ayrı-ayrı xalqlar eyni imperiyanın kölgəsi altına sığınmaq istəmirdi. İmperiya isə onları buraxmaq istəmirdi.



Asəfin atası Zeynalabdin bağbanlıq edirdi, ailəsini çətinliklə dolandırırdı. Anası Əsbənd şəhərdə fabrikdə toxucu işləyirdi. Ailədə üç oğlan uşağı böyüyürdü. Əhəd, Cəfər və sonbeşik Asəf.



1910-cu ildə, Asəf 1 yaşında olanda atası Zeynalabdin ağır yükü daha çiyinlərində çəkə bilməyib, dünyanı tərk edir. Həmin o ağır yük və onun iki qatı qadının çiyinlərinə düşür. Təbii ki, çox ağır həyat tərzi keçirirlər. Uşaqların yeganə təsəllisi axşamlar ana qucağına sığınıb onun həzin səslə oxuduğu mahnılara, laylalara qulaq asmaq idi. Əsbənd xanım həyatın bütün dərdini həzin səsinin içində, musiqi ilə ifadə edir, bir də qarmon dillərinə ötürürdü. Onun bu yanğılı ifaları uşaqlarına yaşamağı anladırdı. Anasının həzin ifası, qəmgin səsində laylaları, bayatılar, muğam və xalq mahnılarını ifa etməsi Asəf üçün ilk musiqili mühiti, sənətlə tanışlığı idi. Bu tanışlıq da onu ecazkar aləmə çağırırdı, Asəfin musiqiyə sevgisinin, musiqi duyumunun təməlini qoyurdu.



O dövrün qabaqcıl təhsil ocağı “Realnı məktəb”lər hesab olunurdu. Ailənin çətinliklə yaşamasın baxmayaraq, Əsbənd xanım uşaqlarının yaxşı təhsil almalarına çalışırdı. Asəfi də “Realnı məktəb”də oxutmuşdu. Asəf də anasının etimadını doğruldan uşaq olduğundan məktəbin fəallarından biri idi. Məktəbin ictimai həyatında da yaxından iştirak edirdi. Musiqiyə marağı isə səngimirdi, əksinə, günbəgün artırdı. Məktəbin nəfəs alətləri dərnəyinə gedir, orkestrdə çıxış edirdi.



Birinci Dünya Müharibəsindən sonra Rusiyanın hər yerində vəziyyət pisliyə doğru gedir. Nəhayət, 1917-ci ildə inqilab çarı devirir. Böyük imperiyanın hər yerində xaos hökm sürür. Əsbənd xanım, onsuz da ağır vəziyyətdə olan ailəni götürüb, “bəlkə bir iş tapıb ailəni dolandıraram” ümidilə Bakıya üz tutur. Neft şəhəri olan Bakı milyonçuların hesabına inkişaf edirdi...



İmperiyanın biri yıxılıb, yenisi qurulmuşdu. Yenilərin bir yaxşı cəhəti vardı ki, kütləvi savadsızlıqla mübarizə aparır, hamını təhsilə cəlb edirdi. Uşaqlar və yeniyetmələr dövlət hesabına təhsil alırdılar. Bu da qəhrəmanımızın xeyrinə işlədi. 9 illik məktəbə getməklə yanaşı, hərbi orkestrə daxil olur. Tezliklə orkestrdə mahir kornet və truba ifaçısı kimi tanınır.



Az müddət sonra Asəf, sonradan onun adını daşıyacaq Orta İxtisas Musiqi Məktəbinə daxil olur. Məktəbin özülünü 1895-ci ildə Moskva Konservatoriyasının məzunu, pianoçu A. Yermolayev qoyub. Müxtəlif illərdə ayrı-ayrı adlar daşıyan, gah bağlanan, gah yenidən fəaliyyətə başlayan musiqi məktəbinə 1920-ci illərdə böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyli rəhbərlik edirdi.



Anası Asəfi məhz Üzeyir bəyin yanına gətirib, onu dinləməsini xahiş edib. Üzeyir bəy Asəfin musiqi alətində ifasını dinləyib – bu ki, əsl istedaddır – deyib və onu məktəbə qəbul edib. Onda məktəb “Şərq Konservatoriyası” adını daşıyırdı. Asəf truba sinfinə daxil olur. Hələ 1-ci kursda bu ocaqda onun ilk yaradıcılıq işi də ortaya çıxıb. Özünün ilk musiqi əsərini – “Truba üçün marşı” burda bəstələyib və ifa edib.



Sonralar Asəf Zeynallı Üzeyir bəyin daimi diqqətini, qayğısını üzərində hiss etdiyini deyər və onu “bizim mənəvi atamız” adlandırarmış.



1923-cü ilin martında Bakı İşçi klubunda “Azərbaycan musiqi məktəbləri şagirdlərinin ilk baxış - konserti” olub. Bu barədə “Kommunist” qəzetinin 5 aprel 1959-cu il tarixli sayında Asəf Zeynallının 50 illiyi münasibəti ilə dostu Əfrasiyab Bədəlbəyli yazır: “Konsertin birinci hissəsində azyaşlı uşaqlar, ikincidə isə böyüklər çıxış edirdilər. Bəs, Asəf niyə heç birində yoxdur? - deyə yerbəyerdən suallar səslənirdi. Kimsə Üzeyir bəy öz işini yaxşı bilir - dedi.



“Truba üçün pyes”, musiqisi Asəf Zeynallı, ifa edir müəllif – deyə aparıcı elan edəndə hamı təəccübləndi. Onu heç kim hələ bəstəkar kimi tanımırdı, bunu Üzeyir bəy kəşf etmişdi.

Truba o vaxta qədər əsasən hərbi marş aləti idi, hamı belə bilirdi. Asəfin trubada “Rast” muğamı əsasında bəstələdiyi musiqi təranəsindən tamaşaçılar böyük zövq aldılar”.



Nə yazıq ki, Asəf Zeynallı truba sinfini başa vura bilməyib, səhhəti ilə əlaqədar həkimlər ona nəfəs alətində çalmağı qadağan etdikdən sonra violonçel sinfinə keçib. Həm də məşhur violonçel ustası M. Rastropoviçin atası Leopold Rastropoviçdən dərs alıb.



1926-cı ildə Musiqi Texnikumu ilə Konservatoriya birləşdirilib, həmin il Asəf orkestr sinfinə daxil olur. Az müddət sonra Üzeyir bəyin məsləhəti ilə onu bəstəkarlıq şöbəsinə keçirirlər. 1931-ci ildə Asəf Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirib.



Onunla eyni dövrdə vokal sinfində təhsil alan Bülbül xatirələrində yazır: “Harmoniyadan – Üzeyir bəydən qiymət ala bilmirdim. “İstedadlı oğlansan, amma güzəşt olmayacaq, harmoniyanı yaxşı öyrənməlisən” - dedi mənə. Düşündüm ki, Asəf əlaçıdır, ona deyim mənə kömək etsin. Asəfin köməkliyi ilə imtahan verib, qiymət aldım. Sonra Asəf təhsilini davam etdirmək üçün Leninqrada getdi. Qayıdanda mənə iki əsərini təqdim edib, “oxu, düşünürəm bəyənəcəksən” - dedi. Onlar hər ikisi indiyə qədər oxuduğum “Ölkəm” və “Sual” əsərləri idi”.



1929-cu ilin mayında Konservatoriyada ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən, həmin ilin iyununda isə Konservatoriyanın tələbələrinin bəstələrindən ibarət konsert təşkil edilir. Sonralar Asəf Zeynallı öz təşəbbüsü ilə Moskvada və Leninqradda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Bu barədə irəlidə söhbət açılacaq.



Tələbəlik illərində Asəf Zeynallı Türk İşçi Teatrı ilə əməkdaşlıq edirdi. Teatrın tamaşaları üçün musiqilər yazırdı. Tənqid-Təbliğ Teatrının musiqi bölməsinə rəhbərlik edən Asəf Zeynallı dövrünün tanınmış ədiblərinin tamaşalarına musiqilər bəstələyirdi. Cabbarlının “Almaz”, “Sevil” dramlarının musiqilərini də o yazıb.



Konservatoriyada oxuyanda Asəf sonralar görkəmli pianoçu və pedaqoq kimi şöhrət qazanacaq Kövkəb xanım Səfərəliyeva ilə tanış olur. Eyni dövrdə təhsil alırdılar. Eyni musiqi zövqü, həyata baxışları onlar arasında ünsiyyətin get-gedə dərinləşib sevgiyə çevrilməsinə rəvac verir. Asəf onun piano istedadını görüb, özünün işlədiyi Tənqid-Təbliğ Teatrının simfonik orkestrinə pianoçu kimi işləməyə dəvət edir.



1920-ci illərin sonu. Sovet hakimiyyəti, xalqların milli kimliyini unudub, sovet vətəndaşına çevrilməsi üçün milli olan nə vardısa ona düşmən kəsildi. “Proletkult” (proletar mədəniyyəti) ideyasının daşıyıcıları xalq musiqisinin, milli musiqi alətlərinin tarixdən silinməsinə çalışır, onun yerinə yeni proletar incəsənətini qondarmağa çalışırdılar. Asəf Zeynallı da, ustadı Üzeyir bəy kimi, milli musiqinin və musiqi alətlərinin, adətlərin müdafiəsinə qalxmışdı. Avropa musiqisi ilə milli musiqi forma və janrları arasında sintez yaratmaqla onları qorumaqla yanaşı, həm də inkişaf etdirirdi. Asəf Zeynallı sübut edirdi ki, milli musiqi heç də kütlələrin musiqi zövqünü korlamır (quruluş belə deyirdi), əksinə, onları inkişaf etdirib kütlələrə çatdırmaqla onların zövqünü inkişaf etdirir.



Mübarizəsini Proletar Musiqiçiləri Assosiasiyasının xətti ilə davam etdirirdi. Azərbaycan musiqisini təbliğ edirdi. Hələ tələbəlik illərində - 20-ci illərin sonlarında Leninqradda - SSRİ-nin iri mədəniyyət mərkəzində öz həmkarları ilə apardığı danışıqlar nəticəsində 1931-ci ildə məqsədinə çatır. Leninqrad Dövlət Filarmoniyasında Azərbaycan musiqisindən ibarət konsert təşkil edir.



Azərbaycan xalq çalğı alətlərinin ləğvi istiqamətində Sovetin gördüyü qərəzli işlərə qarşı sinə gərirdi Asəf Zeynallı. Tarın müdafiəsi üçün yazdığı məqaləyə baxıram: “Xalq Komissarlarının əsas səhvi budur ki, anlamır, bizim bütün mahnı və rəqslərimiz muğamatdan qaynaqlanır, onun tərkib hissəsidir. Tar yeganə alətdir ki, xalq yaradıcılığı və muğamların mahiyyətini düzgün və dəqiq çatdıra bilir. Bizim təbiətən xalqın özünə məxsus olanı müsadirə etmək hüququmuz yoxdur. Tarın ansamblda gərəksizliyi haqqında bəyanatlar tamamilə əsassızdır. Orkestrin iştirakçısı kimi tarı biz “Arşın mal alan” tamaşasından bilirik”.



Bu yazı Mikayıl Müşfiqin “Oxu, tar” adlı şeiri çap olunan vaxtlarda yazılıb. Eyni dövr, eyni mübarizə, eyni tale.



Səid Rüstəmovun xatirələrindən: “Asəf həmişə mübahisə düşəndə qızğın danışır, Azərbaycan musiqisinin mütləq ümumdünya şöhrəti qazanacağını deyirdi. Yadımdadır, bir dəfə Moskvadan musiqişünas gəlmişdi. İddia edirdi ki, Şərq musiqisi royalda yaxşı səslənmir, yeni musiqi aləti ixtira etmək lazımdır. 21 yaşlı Asəf elə qızğınlıqla çıxış etdi ki, ətrafdakılar onu susdurmağa çalışdılar, alınmadı. Dedi ki, əvvəla Şərq musiqisinin müxtəlif qolları var. Onları bir ad altında birləşdirmək düzgün deyil. İkincisi, Azərbaycan xalq musiqisi əsasında yeni musiqimizi də yaradacağıq. Bizim yeni musiqi alətinə deyil, inkişafa, yeni zirvələrə yüksəlməyə ehtiyacımız var”.



Dediklərini elədi də. Azərbaycan klassik romans janrının banisi oldu. “Onun bəstəkarlıq yaradıcılığında mühüm yer tutan vokal əsərləri içərisində romans və mahnılar Avropa klassik vokal forması ilə xalq musiqimizin lad-məqam, melodiya xüsusiyyətlərini əlaqələndirən bədii nailiyyətlərdir”. (Nazim Kazımov. “Asəf Zeynallı” kitabından)



1931-ci ilin noyabrında Leninqrad Dövlət Filarmoniyasında Asəf Zeynallının təşkilatçılığı ilə ikinci dəfə Azərbaycan bəstəkarlarının musiqilərindən ibarət konsert keçirilir.



Asəf Zeynallı özülü Üzeyir bəy Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin önəmli sütunlarındandır. Azərbaycan bəstəkarlıq məktəbinin İkinci nəslinin ilk təmsilçilərindən olmaqla yanaşı, XX əsr Azərbaycanın klassik bəstəkarlarından biridir. 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alıb. Qara Qarayevin, Cövdət Hacıyevin, Tofiq Quliyevin müəllimidir.



Azərbaycan musiqisi, Azərbaycan üçün gördüyü işlər çəkinmədən günahkar adlandırdığı Xalq Komissarları Sovetinin məqsədinə müqabil deyildi. Asəf Zeynallı onların apardıqları siyasətin önündə maneə idi.



Asəf Zeynallı Hüseynqulu Sarabski və Bülbüllə dostluq edərmiş. Hətta

Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfərə onu Bülbül dilə tutub aparıb. Elə orada da gənc bəstəkar ağır xəstəliyə, qarın yatalağına tutulub, müalicə almaq üçün Bakıya qayıdır. Nə yazıq ki, müalicəsi olmur. Öləcəyini anlayan bəstəkar xəstəxanada olarkən otağının divarına “Bakı” adlı son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir. 27 oktyabr 1932-ci ildə Asəf Zeynallı xəstəxanada dünyasını dəyişir. Hərbiçi qardaşı ya musiqini, bəstəkarı dəyərləndirməyi bacarmır, ya da ağır qardaş dərdi başını qatır.





23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz izi var. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş görüb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.



"Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəridir.



Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır. O dünyasını dəyişəndən sonra oxuduğu Konservatoriyaya adı verilir. Üzeyir bəy rəhmətə gedəndən sonra Konservatoriyaya Asəf Zeynalının ustadı Üzeyir bəyin adı verildiyi üçün Asəf Zeynallının adı Orta ixtisas musiqi məktəbində əbədiləşdirilir.



Uşaqları çox sevərmiş, vaxtsız əcəl onun sevdiyi qızla evlənib oğul-uşaq sahibi olmasına imkan vermir. Tez-tez qardaşı uşaqları ilə asudə vaxtını keçirərmiş.

Onun vəfatından sonra sevgilisi Kövkəb xanım bütün həyatını Asəfin də sevdiyi Azərbaycan musiqisinə həsr edir. Sevgilisinin ona arzuladığı kimi çox böyük musiqiçi ola bilir. Asəfi də öz qəlbində, çaldığı pianonun dillərində yaşadır və heç vaxt ailə qurmur. Asəfin qardaşlarının ailəsini öz ailəsi bilib, günlərini onlarla keçirərmiş.



İndi Asəf Zeynallının qardaşı qızı Elmira Zeynallı əmisinin adını daşıyan musiqi kollecinin müəlliməsidir.



Asəf Zeynallı “Bayatı-Şiraz” muğamını çox sevərmiş. Bəstələdiyi əsərlərin hamısında “Bayatı-Şiraz”dan nə isə bir not keçir. Dahi Üzeyir bəy “Bayatı-Şiraz” haqqında deyib: “Bədii – ruhi təsir cəhətdən “Bayatı-Şiraz” dinləyicidə qəmginlik hissi oyadır”. Bəstəkar çox yumşaq ifadə edib. “Bayatı-Şiraz” adamın qəlbini sökür. Orda hər şey var, Azərbaycan koloritidir büsbütün - Asəf Zeynallı kimi. Qəmdən yoğrulub – Asəd Zeynallının taleyi kimi...



P.S. Arxiv materiallarına, faktlara görə Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımova minnətdaram.

Oxşar xəbərlər