Son Xəbərlər
Oxunub : 14 | Tarix : 07:18 | Bölmə: gundem, sosial

Yüzlərlə vətəndaşa ünvanlı sosial yardım verilməsi dayandırıldı - RƏSMİ



TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmaları davam etdirir.

Nazirlikdən verilən məlumata görə, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.

Müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib.

Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib. 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb.

Müvafiq olaraq müqavilələrə 37 halda bir gün, 20 halda iki gün, 35 halda üç gün, 28 halda dörd gün, 19 halda isə beş gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.

Həmçinin, müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib.

Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir.

Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Oxşar xəbərlər