Son Xəbərlər
Oxunub : 17 | Tarix : 04:33 | Bölmə: gundem, iqtisadiyyat

“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub


BƏSDİ VƏLİYEVA AZTURK.TV
SOCAR AQŞ” MMC hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olub.

Şirkətdən Report-a bildirilib ki, “SOCAR AQŞ” üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb.

Bildirilib ki, GRI-yə qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir.



“SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib ki, müasir şəraitdə dünyada baş verən iqtisadi proseslər, qloballaşma və digər qlobal amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları labüd edir:

“Öz fəaliyyətində hesabatlılığı və şəffaflığı ən önəmli prinsiplərdən hesab edən “SOCAR AQŞ” bu sahədə ən yüksək dünya standartlarını ardıcıl olaraq tətbiq edir. GRİ standartlarına əsasən hazırladığımız hesabatlar bütün maraqlı tərəflərdə, o cümlədən, sifarişçilərdə, beynəlxalq maliyyə institutlarında və təchizatçı şirkətlərdə müəssisənin fəaliyyətində tam şəffaf və etibarlılıq mühitinin yaradılmasına dair əminlik yaradır. GRI-ə üzvlük beynəlxalq miqyasda müəssisənin korporativ nüfuzunun möhkəmləndirilməsinə əsaslı dəstək olacaq”.

Qeyd edək ki, 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRİ hesabatlılıq standartlarına görə, dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir.

İstənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətədavamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.

Xatırladaq ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma Şirkəti” tərəfindən 2007-ci ildə təsis edilib.

Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

“SOCAR AQŞ” Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını uğurla həyata keçirir.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

Oxşar xəbərlər