Son Xəbərlər
Oxunub : 23 | Tarix : 05:06 | Bölmə: gundem, tedbirler

Nyu-Yorkda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib - FOTO
BƏSDİ VƏLİYEVA AZTURK.TV

Nyu-Yorkda yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) Yəhudi Tarixi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar, Azərbaycan və yəhudi icmasının nümayəndələri, o cümlədən Azərbaycanın ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Amerikanın yəhudi və müsəlman təşkilatları səylərini birləşdirib. Tədbiri açan ASF-in icraçı direktoru Ceyson Quberman faciə haqqında məlumat verərək Xocalı qətliamının qurbanlarını yad edib. O, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb.

Dünya Müsəlmanları Liqasının Baş katibi Məhəmməd Əl-İssanın soyqırımı ilə bağlı bəyanatına istinad edərək, azərbaycanlılara qarşı törədilən bu qətliamın insanlığa qarşı baş vermiş cinayət olduğunu vurğulayıb. O, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bu faciəni törədənlərə qarşı səyləri artırmağın vacib olduğunu bildirib.

Eyni zamanda, C.Quberman ümumi olaraq insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin və belə faciələrin qarşısının alınmasının əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən MALA-nın həmtəsisçisi Əhməd Fleks Ömər Xocalı faciəsinin qurbanlarını hörmətlə anaraq deyib ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alına bilsin. Ə.Ömər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz nəticəsində bu gün də insanların əziyyət çəkdiyini vurğulayıb, bu əziyyətə son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində çalışmağın vacib olduğunu qeyd edib.

Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxış edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək, Xocalı qətliamının tariximizin ən faciəli günlərindən biri olduğunu qeyd edib. Bu xüsusda Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciədə birbaşa iştirakçı olduqlarını bildirib. Ermənistan tərəfindən törədilən bu qətliamın ermənilər tərəfindən yürüdülən siyasətin məqsədyönlü və sistemli xarakter daşıdığını diqqətə çatdırıb.

A.Hüseynov beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qətliamın əsaslı şəkildə araşdırıldığını, Ermənistan rəsmilərinin 20-ci əsrdə bütün insanlığın gözü qarşısında qətliamı törətdiklərini fəxr etmələrini xatırladıb və bununla bağlı ingilis jurnalisti Tomas De Valın müsahibəsinə istinad edib.

Bundan əlavə, Ermənistanda Qaregin Njdenin faşist və irqi ayrı-seçkilil ideologiyasının hələ də hökm sürdüyünü misal çəkib. Sonda hər kəsin bu faciənin birlikdə anılmasına və tolerantlıq, birgə və sülh içində yaşayiş üçün səylərə heç kimin mane ola bilməyəcəyini xüsusi olaraq vurğulayıb.

Daha sonra Holokostun canlı şahidi Sami Steigmann öz xatirələrini bölüşüb. O, Xocalı faciəsi barədə indiyədək məlumatsız olduğunu və belə qətliamların əsas səbəblərinin nifrət olduğunu bildirib. S.Steigmann belə faciələrin araşdırılmasının, bu məqsədlə açıq dialoqun olmasının vacib olduğunu bildirib və bu istiqamətdə təcrübələrini bölüşüb.

Panel üzrə sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildiriblər.

Panel üzvləri moderatorun suallarını cavablandırıblar. Tədbirin sonunda Xocalı qətliamının 28-ci ildönümünə həsr olunan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış xatirə lövhəsi təqdim olunub.

Oxşar xəbərlər