Son Xəbərlər
Oxunub : 18 | Tarix : 06:12 | Bölmə: gundem, tedbirler

“Gənclər Təşkilatlarının Resurs Mərkəzi”nin açılış mərasimi baş tutdu - FOTO

BƏSDİ VƏLİYEVA AZTURK.TV
6 Mart 2020-ci ildə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Gənclər Təşkilatlarının Resurs Mərkəzi”nin açılış mərasimi baş tutub.

Açılış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev nitqi ilə başlanıb. O, öz nitqində yeni yaradılmış Resurs Mərkəzinin gənclərin və gənclər təşkilatlarının ictimai-sosial həyata qoşulmasındakı əhəmiyyətindən və dövlət gənclər siyasəti haqqında danışıb.

Qeyd edib ki, ARGTMŞ-ya üzv olan gənclər təşkilatları üçün belə bir şəraitin yaradılması dövlətimizin gənclərə olan münasibətinin bariz nümunəsidir.

Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov öz açılış nitqində bu platformanın təşkilatlara bir növ qarşılaşdıqları ofis probleminin müəyyən mənada həll olunması, eyni zamanda, təşkilatların ortaq bir məkanda həm ideya mübadiləsi etməsi, həm də yeni ideyaların yaranması üçün birgə çalışması üçün məkan olacağını bildirib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm Məcidova qonaqları salamlayaraq, yeni açılmış Resurs Mərkəzinin təqdimatını həyata keçirib.

O qeyd edib ki, Resurs Mərkəzində ARGTMŞ-ya üzv olan gənclər təşkilatlarının ofis və texniki avadanlıqlarla təmin edilməsi ilə yanaşı, gənclər təşkilatları üçün istər yerli, istərsə də beynəlxalq layihələrə düzgün müraciət edilməsində dəstək olunması və mühasib xidmətinin göstərilməsi nəzərdə tutulub.

Resurs Mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi həyata keçirilib. Məclisdə ilk olaraq, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra ARGTMŞ-nın sədri Məryəm Məcidova üzv təşkilatları və nümayəndələrini salamlayaraq, tədbirdə iştirak edən gənclər təşkilatları rəhbərlərinə iştirakı üçün öz minnətdarlığını bildirib, məclisin yetərsayı müəyyən edilib.

İclasın gündəliyi təsdiqləndikdən sonra Məclisin sədri “İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər” İctimai Birliyinin sədri Araz Əhmədov məclisi açıq elan edib.

Daha sonra Layihələr üzrə katib Azər Əliyev son 6 ay ərzindəki ARGTMŞ-nin fəaliyyəti ilə bağlı hesabatı təqdim edərək keçirilən tədbirlər, konfranslar və kampaniyalar barədə geniş məlumat verib.

Proqrama uyğun olaraq ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona Əlizadə ARGTMŞ-nın 2019-cu ilin ikinci yarım illiyi üzrə Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatını təqdim edib.

Tədbirin gedişatında üzvlük üçün müraciət edən “Gənclərin İntellektual İnkişafına Yardım”, “Böyük Yol Gənclər”, “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birlikləri ARGTMŞ-ya assosiativ üzvlüyə qəbul üçün təqdimatlar edib, səsvermə prosesindən sonra səs çoxluğu ilə qəbul edilib.

Məclisin yekununda ARGTMŞ-nın Baş katib vəzifəsinə təşkilatın Layihələr üzrə katibi Azər Əliyevin namizədliyi irəli sürülüb.

O, ilk öncə özünü təqdim edərək gənclər təşkilatlarındakı fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və gələcək planlarından söz açıb. Səs çoxluğu ilə Azər Əliyev baş katib seçilib.

Məclis cari məsələlərin müzakirəsi və xatirə fotosu ilə yekunlaşıb.

Oxşar xəbərlər