Son Xəbərlər
Oxunub : 239 | Tarix : 09:47 | Bölmə: gundem, sosial

Ramiz Salmanov: “Bayramdan sonra həmişəki acınacaqlı mənzərəylə üzləşməyəcəyik”
“Hər il Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçirir. Bu il də Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən respublikanın bütün rayonlarına serkulyar məktub göndərilib, Qurban bayramı ərəfəsində görüləcək işlər, baytar mütəxəssislərin gecə-gündüz növbəli işinin təşkili barədə göstəriş verilib”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.

Onun sözlərinə görə, bu il Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə paytaxtın müvafiq yerlərində 24 ərazi üzrə heyvanların kəsimi təşkil edilib. Bu məntəqələrdə bazar qiymətindən 20-30 faiz ucuz qiymətə qurbanlıq heyvanların satışı təşkil ediləcək: “Bizim xidmət qiymət məsələsinə müdaxilə etmir.
Bu il bayramla əlaqədar görüləcək işlərə İqtisadiyyat və Sənaye Nazirliyinin Ticarət Bazarına Nəzarət idarəsinin mütəxəssisləri cəlb olunduğuna görə qiymət məsələsi stabil qalacaq və işbazların müdaxiləsinin qarşısı alınacaq. 24-27 sentyabr tarixlərində vətəndaşlarımız bu məntəqələrdə istədiyi vaxt istədiyi çəkidə heyvan ala biləcəklər”.

Ramiz Salmanovun sözlərinə görə, satışa çıxarılacaq heyvanların sağlamlığı barədə baytarlıq arayışı veriləcək: “Buna baxmayaraq həmin o məntəqələrə Bakı şəhər Baytarlıq Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin ekspedisiya dəstələrinin nümayəndələri cəlb olunacaqlar. Həm ətin ekspertizasına, həm də diri heyvanların klinik müayinəsinə, həm də ərazinin baytarlıq sanitariya tələblərinin pozulmamasına ciddi nəzarət ediləcək. Respublikada heyvanların sağlamlığı yalnız Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin məsuliyyətindədir, onun səlahiyyətindədir. Onların sağlamlığı haqqında başqa heç bir qurum məsuliyyət daşımır”.

Sektor müdiri ziyarətgahlarda qurban kəsimi prosesinə nəzarət mexanizminə də aydınlıq gətirib: “Məsələn, Mirmöhsüm Ağa ziyarətgahında 10 il bundan qabaq da baytarlıq sanitariya qaydalarına riayət olunmurdu, lakin bu gün orada ideal bir şərait var. Həm heyvanlar nəzarətdədir, onun kəsimindən tutmuş insanlara qaytarılıb verilməsinə qədər proses tam şəffafdır. İnsanlar heç bir əziyyət çəkmir, orada həm heyvanların müayinəsi aparılır, həm fə heyvanların sağlamlığı əvvəlcədən müəyyənləşdirilir. Əfsuslar olsun ki, bəzi ziyarətgahlarda Dövlət Baytarlıq Xidməti prosesə çox müdaxilə də edə bilmir. Amma bir problem yaransa, biz ora müdaxilə edə və ziyarətgahda heyvan kəsimi işinin baytarlıq sanitariya tələblərinə uyğun şəkildə qurulmasını təşkil edə bilərik”.

Qurban bayramından son ət kəsimi məntəqələrində yaranan acınacaqlı vəziyyət bu il də təkrarlanacaqmı? Ramiz Salmanov bu məsələyə də münasibət bildirib: “Keçən il qurbanlar kəsilib qurtardıqdan sonra yaxşı mənzərə müşahidə olunmamışdı. Əlbəttə ki, töküntülər, çıxarlar baytarlıq sanitariya tələblərinə uyğun zərərsizləşdirilib dezinfeksiya olunmalı, basdırılmalı və digər sanitariya tədbirləri həyata keçirilməlidir ki, sonda acınacaqlı bir görüntü olmasın. Ətraf mühitin çirklənməməsinə bizim mütəxəssislər nəzarət edəcək. Onlara bir nömrəli tapşırığımız budur. Son günə qədər nəzarət aparacağıq, apardığımız maarifləndirmə işləri sayəsində heyvan sahibləri də sanitariya qaydalarına riayət edəcək və ümidvarıq ki, bu il acınacaqlı mənzərələrlə rastlaşmayacağıq”.

Sektor müdiri Azərbaycanda hər ailə başına orta hesabla bir xırda buynuzlu heyvan və 7 ailəyə bir iri buynuzlu heyvan düşdüyünü deyib: tam təmin olunur: “Azərbaycan vətəndaşlarının hamısının qurban ətindən dadma imkanı var. Bizdə Qurban bayramında təxminən 1,5 xırda buynuzlu heyvan, 400-500 minə qədər isə iri buynuzlu heyvan kəsilib istifadəyə verilir. Bu da əhalini tam təmin edir. Respublikamızda statistik rəqəmlərə görə, iki milyon yarım iri buynuzlu heyvan, 8 milyon yarımdan artıq isə xırda buynuzlu heyvan mövcuddur. Bunun da 10-15 faizi istifadə olunmaqla əhalini ət məhsulları ilə tam təmin etmək olar”.

Ramiz Salmanov qurban kəsimi məntəqələrinə Gürcüstandan da xüsusi qurbanlıq heyvanların gətiriləcəyini deyib: “Ökəmizdə olan mənbələrin korlanmaması üçün işi elə təşkil etmişik ki, bu proses heyvandarlığın genefonduna təsir eləməsin”.

Sonda sektor müdiri vətəndaşlara müraciət edib: “İnsanlar ət məhsullarından təkcə Qurban bayramında deyil, gündəlik istifadə edirlər. Buna görə də vətəndaşlara müraciət edirəm ki, ət və süd məhsullarını baytarlıq nəzarəti olan yerlərdən alsınlar. Respublikanın yüzdən artıq bazarında baytarlıq ekspertiza laboratoriyası fəaliyyət göstərir. Satıcılar görsə ki, alıcılar baytarlıq nəzarəti tələb edir, onda məcburi qaydada həkimə üz tutacaqlar”.

Oxşar xəbərlər